“Maklaren”in avstraliyalı pilotu Daniel Rikkardo mövsümün sonunda komandadan ayrılıacaq. Tərəflər müqaviləyə xitam verməklə bağlı razılığa gəlib. Bu barədə Böyük Britaniya komandası məlumat yayıb. Mətbuata açıqlama verən “Maklaren”in rəhbəri Andreas Zaydl ötən iki il ərzində komandanın uğur qazanması üçün əlindən gələni edən avstraliyalı pilota təşəkkür edib. Komandanın rəhbəri indiki məqamda heyətdə dəyişiklik etməli olduqlarını söyləyərək Daniellə vidalaşmaq məcburiyyətində qaldıqlarını etiraf edib. O, belə bir addım atdıqlarına görə məsuliyyəti üzərinə götürdüyünü də bildirib. Elə Rikkardo da mətbuata açıqlamasında son iki mövsümdə “Maklaren”də çıxış etməsinə görə fəxr etdiyini söyləyib. O, indiki məqamda növbəti mövsüm harada çıxış edəcəyini müəyyənləşdirmədiyini də deyib. “Maklaren”in baş direktoru Zak Braun isə növbəti mövsümdən Rikkardonun “İndyCar” yarışlarına qatılacağını istisna etməyib.
Xatırladaq ki, 2011-ci ildən “Hispaniya Rasinq” komandası ilə Formula 1-də debüt edən avstraliyalı pilot daha sonra “Toro Rosso”, “Red Bull” və “Reno” komandalarında çıxış edib. O, ötən ildən “Maklaren”inin bolidini idarə edir. Karyerası ərzində 231 Qran-pridə iştirak edən avstraliyalı pilot 8 dəfə finiş xəttini birinci keçib, 32 dəfə isə fəxri kürsüyə yüksəlib.